Risk olarsa, Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırıla bilər?

Risk olarsa, Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırıla bilər?
# 08 dekabr 2023 13:14 (UTC +04:00)

“OpenAI” ictimaiyyətə açıqlamasında, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt”nin şəxsi və məxfi məlumatları saxlamadığını bildirib. Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər.

Bu barədə “ChatGpt”nin ölkədə azyaşlıların məlumatlarına çıxışının olub-olmaması ilə bağlı “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Süni İntellekt Laboratoriyasından deyilib.

Laboratoriyadan bildirilib ki, “ChatGPT” əldə etdiyi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən normalara riayət edir: “Süni intellekt botunun yaradıcıcısı olan “OpenAI” ictimaiyyətə açıqlamasında bildirib ki, “ChatGpt”nin məqsədi ümumi məlumatlar əsasında istifadəçilərin suallarına cavab vermək, prosesləri sürətləndirməkdir”.

Yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada “ChatGpt”nin fəaliyyəti qadağan olunub. Laboratoriyadan bildirilib ki, artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır: “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa, müvafiq tədbirlər mütləq görüləcək”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosasiyasının idarə heyətinin sədri Elvin Abbasov “APA-Economics”ə açıqlamasında bildirib ki, “OpenAI”nin yaratmış olduğu "ChatGpt" və ya digər süni intellekt tətbiqləri ölkələrə görə xüsusi yanaşma sərgiləmirlər: “Bəli, etiraf etməliyik ki, "ChatGpt" ilə bağlı müəyyən təhlükələr var. “ChatGpt”dən məlumat almaq üçün təbii ki, ona müəyyən məlumatlar da verməlisən. Yəni bizim ona verdiyimiz suallar əsasında “ChatGpt” haqqımızda müəyyən məlumatlar toplayır”.

“Azərbaycanda hər hansı resursa çıxışda məhdudiyyət yoxdur. Yəni bizdə “ChatGpt”yə giriş əlçatan olacaq. Bundan başqa, internet resursları ilə bağlı qanunvericilik də tam təkmilləşdirilməyib. Düşünürəm ki, Azərbaycanda “ChatGpt”yə qadağa qoyulacağı ilə bağlı heç bir təəssürat yoxdur. Bunun yaxın gələcəkdə baş verəcəyini də proqnozlaşdıra bilmərəm. Çünki bunadək qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün bir sıra ölkələr “ChatGpt”nin fəaliyyətini məhdudlaşdırır. Bir müddət öncə İtaliyada “ChatGpt”yə qadağa tətbiq olundu. Buna səbəb "ChatGpt"nin yeniyetmələr də daxil olmaqla, hər kəsin məlumatlarını ələ keçirməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR