Taksi sürücüləri üçün xüsusi hazırlıq yeni qaydada keçiriləcək

Taksi sürücüləri üçün xüsusi hazırlıq yeni qaydada keçiriləcək
# 01 dekabr 2023 12:17 (UTC +04:00)

Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın təşkili və keçirilməsi qaydası dəyişib.

APA xəbər verir ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək. Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Xüsusi hazırlığın ümumi müddəti mühazirələr (18 saat) və praktiki məşğələlər (6 saat) ilə birlikdə 24 saat təşkil edir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçiriləcək.

Bundan əvvəl xüsusi hazırlıq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində, Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində keçirilib. Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 20 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılıb. Xüsusi hazırlığın ümumi müddəti mühazirələr (31,5 saat), praktiki məşğələlər (8,5 saat) və yekun qiymətləndirmə (2 saat) ilə birlikdə 42 saat təşkil edib və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR