Ticarət gəmiçiliyi ilə əlaqədar yeni anlayışlar (“dəniz əməliyyatları bazası”, “dənizçi” və digər) müəyyən edilir, bəzi anlayışlar dəqiqləşdirilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dəniz əməliyyatları bazası dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dövlət nəzarətinin təmin edilməsi, gəmilərin dayanması, onlara xidmət göstərilməsi, habelə dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı üçün nəzərdə tutulmuş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada reyestri aparılan qurğular kompleksidir.
Dənizçi gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb olunan şəxs, Beynəlxalq Dəniz Təşkilatı nömrəsi gəmiyə və dənizçilik şirkətinə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən verilən identifikasiya nömrəsidir.
Layihəyə əsasən, gəminin Beynəlxalq Dəniz Təşkilatı nömrəsi olmalıdır.