Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminə daxil ediləcək məlumatlar (sənədlər) məlum olub.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”ndə əksini tapıb.
Sistemə daxil edilən məlumatlar (sənədlər) aşağıdakılardır:
- şəhərsalma və tikintiyə dair normativ sənədlər;
- dövlət şəhərsalma nəzarətinin nəticələri;
- Tikintilərin Dövlət reyestri məlumatları;
- tikinti layihəsinə dair rəylər və texniki şərtlər barədə məlumatlar.
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə sorğu əsasında Sistemə ötürülən məlumatlara (həm qrafiki (xəritə), həm də mətn şəklində) aşağıdakılar aiddir:
- dövlət şəhərsalma kadastrı məlumatları;
- tikintiyə dövlət nəzarətinin nəticələri;
- peşəkarlıq reyestri məlumatları;
- mühəndis-axtarış işlərinin nəticələri üzrə Dövlət məlumat fondu.
Şəhərsalma və tikintiyə dair normativ sənədlərə aşağıdakılar aiddir:
- şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar;
- ərazi planlaşdırılması sənədləri (ümumi, baş və müfəssəl planlar).
Dövlət şəhərsalma nəzarətinin nəticələrinə respublika səviyyəsində və yerli səviyyədə aparılan şəhərsalma nəzarəti tədbirlərinin nəticələrini əks etdirən sənədlər, yazılı göstərişlər və məlumatlar aiddir.
Tikintilərin Dövlət reyestri məlumatlarına aşağıdakılar aiddir:
- tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə üzərində qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar barədə məlumatlar;
- məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri barədə məlumatlar.
Tikinti layihəsinə dair rəylər və texniki şərtlər barədə məlumatlara aşağıdakılar aiddir:
- tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rəyə dair məlumatlar;
- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyinə dair məlumatlar;
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (sanitariya-gigiyena tələblərinə uyğunluq baxımından) və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (yanğın təhlükəsizliyi tələblərinə uyğunluq baxımından), habelə tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər dövlət orqanlarının (qurumlarının) rəylərinə dair məlumatlar;
- tikintisinə icazə tələb olunan tikinti obyektlərinin layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından, habelə dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələri və smetalarının səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizanın nəticələrinə dair məlumatlar;
- təchizat müəssisələri tərəfindən verilmiş mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlər və həmin texniki şərtlərlə bağlı layihə sənədləri.
Dövlət şəhərsalma kadastrı məlumatlarına aşağıdakılar aiddir:
- torpaq sahəsinin texniki göstəricilərinə dair məlumatlar;
- mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) barədə məlumatlar;
- yağış sularının axıdılması sistemlərinin infrastrukturuna dair məlumatlar;
- tarix və mədəniyyət abidələri və onların mühafizə zonaları barədə məlumatlar;
- nəqliyyat infrastrukturu barədə məlumatlar;
- meliorasiya və irriqasiya infrastrukturuna dair məlumatlar;
- bina və qurğuların texniki göstəriciləri barədə məlumatlar.
Tikintiyə dövlət nəzarətinin nəticələrinə obyektdə tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı barədə məlumatlar aiddir. Peşəkarlıq reyestri məlumatlarına mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri ilə bağlı peşəkarlıq sertifikatı almış şəxslər barədə məlumatlar aiddir.
Mühəndis-axtarış işlərinin nəticələri üzrə Dövlət məlumat fondunun məlumatlarına aşağıdakılar aiddir:
- mühəndis-geodeziya, mühəndis-geoloji axtarış, mühəndis-hidrogeoloji axtarış, geofiziki işləri və qruntların laboratoriya tədqiqatları barədə məlumatlar;
- təhlükəli təbii və texnogen xarakterli fövqəladə halların yaranma riskinə məruz qalan ərazilər haqqında məlumatlar.
Şəhərsalma və tikintiyə dair normativ sənədlər, tikinti layihəsinə dair rəylər və texniki şərtlər barədə məlumatlar, və dövlət şəhərsalma kadastrı məlumatlar, tikintiyə dövlət nəzarətinin nəticələri, peşəkarlıq reyestri məlumatları və mühəndis-axtarış işlərinin nəticələri üzrə Dövlət məlumat fondu barədə məlumatlar “Elektron Tikinti Portalı” altsistemində dərc olunur.
Dövlət şəhərsalma nəzarətinin nəticələri “Şəhərsalma Nəzarəti” altsistemində dərc olunur.
Tikintilərin Dövlət reyestri məlumatları “Tikintilərin Dövlət Reyestri Portalı” altsistemində dərc olunur.