Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti ətraf mühitin mühafizəsinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap etdirib.
Marka seriyasında 5 poçt markası və 1 kupon yerləşdirilib. Markaların üzərində ayrı-ayrılıqda ceyran, Qafqaz bəbiri, imperator qartalı, qonur ayı və boz canavarın təsvirləri, kuponda isə “IDEA” (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının xüsusi loqosu əks olunub. Markaların nominal dəyəri müvafiq olaraq 10, 20, 30, 50 və 60 qəpik təşkil edir.
Nominal dəyəri 1 manata bərabər olan suvenir vərəqin üzərində də sözügedən kampaniyanın loqosu təsvir olunub.