Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında “Azərsu” ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 29,5 min abunəçi və ya 2,4% artıb.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin aprelin 1-nə ölkə üzrə 1 247 652 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
İstehlakçıların 1 205 387-i və ya 96,6%-i əhali, 42 265-i və ya 3,4%-i isə qeyri-əhali qrupu abunəçiləridir.
Bu ilin birinci rübündə əhali qrupu abunəçilərinin sayı 2,4%, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 3,3% artıb. Hesabat dövründə abunəçi sayında artım nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.
Aprelin 1-nə “Azərsu” ASC-nin sayğacla təmin olunmuş abunəçilərinin sayı 673 287-ə çataraq sayğaclaşma səviyyəsi 54,5% təşkil edib.