Bakı – APA-Economics. «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, indiyədək yolun yarıdan çoxu artıq əsaslı təmir olunub və onların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi prosesi gedir.
Əsaslı təmir işlərini həyata keçirən «Dəmiryolservis» MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin istismara verilməsinə həsr olunmuş tədbir keçirilib.
Qatarın rəisi Xeyrulla Əliyev bildirib ki, 2012-ci ilin əvvəlindən qatarda yeni texnoloji xəttin tikintisinə başlanılıb. Artıq işlər yekunlaşıb və yeni xətt istismara hazırdır. Yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıqlar Rusiyanın «Pskovelektrosvarka» zavodundan alınıb. Yeni xəttin istismara verilməsi nəticəsində qatarın istehsal gücü 2 dəfə artaraq sutkada 1 200 metr relsə çatıb. «Dəmir yolunda əsaslı təmir işlərinin intensivliyinin artdığı bir vaxtda bu, xüsusilə önəmlidir», - deyə məlumatda bildirilir. «Həm Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunmuş sahələrin, həm də Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının Gürcüstan hissəsinin tikintisini, podratçı təşkilat olaraq, «Dəmiryolsçervis» MMC-nin kollektivi həyata keçirdiyindən hər iki sahənin uzunölçülü relslərlə təminatı bu kollektivin üzərinə düşür».
Tədbirdə iştirak edən «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov yeni texnoloji xəttin istifadəyə verilməsini yüksək qiymətləndirib və işçiləri işə aparıb-gətirmək üçün müəssisəyə avtobus hədiyyə edib.