Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti ölkənin ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti ilə məhkəmə işinə dair məsələyə aydınlıq gətirib.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, «Azercell»in Azərbaycan bazarına gəlməsindən öncə burada öz yüksək qiymətləri və tariflərini abunəçilərə diktə edən yalnız bir mobil operator fəaliyyət göstərib və məhz «Azercell»in fəaliyyətə başlaması və müştərilərə keyfiyyətli xidmət təmin etməsi nəticəsində qiymətlər aşağı düşüb.
«Konkret olaraq məhkəmə qərarına gəldikdə, qeyd etmək istərdik ki, «Bakcell» şirkəti tərəflərin qarşılıqlı iradə ifadəsi ilə imzalanmış müqavilənin məhkəmə yolu ilə dəyişdirilməsini tələb edib. Bunun da nəticəsində həmin müqaviləyə uyğun olaraq imzalanmış aktlar əsasında 2009-2011-ci illər arasındakı 2 il müddətində sonuncunun «Azercell»ə ödəmiş olduğu məbləğin 15 mln. manatlıq hissəsinin geri ödənilməsi iddiasını qaldırıb. Tələbinin əsası kimi isə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 3 aprel 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş arabağlantı qaydasında müəyyən edilmiş arabağlantı tarifi əsas götürülüb», - deyə «Azercell»in məlumatında bildirilir.
Şirkətin məlumatında həmçinin bildirilib ki, dövlət tərəfindən tariflərin müəyyən edilməsi səlahiyyəti Tarif (Qiymət) Şurasına həvalə edilib. Dövlət tərəfindən tənzimlənən qiymətlər isə Nazirlər Kabinetinin «Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nda əks edilib. Arabağlantı tariflərinin həmin siyahıda əks olunmamasına və dövlət tərəfindən tarif müəyyən etmə hüququnun Tarif Şurasına məxsus olmasına baxmayaraq, RİTN arabağlantı tariflərini müəyyən edib. Bu da «Azercell»in nizamnamə fondundakı dövlət payının özəlləşdirilməsi ilə əlaqədar Azərbaycan hökuməti ilə bağlanmış müqaviləyə əsasən götürülmüş öhdəliklərlə ziddiyyət təşkil edir: «Bu səbəblərdən də biz həmin tarifə etiraz etmişik».
Bundan başqa, «Azercell»in yaradılması ilə əlaqədar 1996-cı ildə 20 illik investisiya müqaviləsi bağlanıb. «İnvestisiya fəaliyyəti haqqında» Qanununun tələbinə görə, sonrakı qanunvericilik investisiya mühitini pisləşdirdikdə, investisiya müqaviləsində nəzərdə tutulan müddətdə investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir: «Arabağlantı tarifləri əvvəllər dövlət tərəfindən tənzimlənmədiyi üçün RİTN-in qəbul etdiyi tariflər tam qanuni olsaydı belə, «Azecell»ə tətbiq edilə bilməz».
Mülki Məcəlləyə əsasən, əgər müqavilə bağlandıqdan sonra fərqli qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır. Yalnız o hallar istisna hesab edilir ki, qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrə şamil olunması qeyd edilsin: «RİTN-in qəbul etdiyi arabağlantı qaydasında isə onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrə şamil olunması müəyyənləşdirilməyib».
Eyni zamanda Mülki Məcəlləyə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər: «Bütün yuxarıda sadalanan və sadalanmayan, lakin məhkəmələrə təqdim etdiyimiz etirazlarda, apelyasiya və kasasiya şikayətlərimizdə əks edilən təkzibedilməz qanunvericilik normalarına və əsaslara baxmayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi «Bakcell»in iddiasını tam təmin edən qətnamə qəbul edib, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə isə həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb. Məsələyə dair haqlı mövqedə olduğumuza inamdan irəli gələrək bu iş üzrə qəbul edilmiş məhkəmə qərarlarının ləğvi istiqamətində, ölkə qanunvericiliyinin və dövlətimizin qoşulduğu beynəlxalq müqavilələrin bizə verdiyi hüquqlardan yararlanaraq müvafiq addımlar atmaq niyyətindəyik».
Qeyd edək ki, «Bakcell» şirkəti «Azercell Telekom»a qarşı arabağlantı tarifi üzrə qaldırdığı iddia ilə bağlı məhkəmə işini udub.
Xatırladaq ki, «Bakcell» şirkəti Azərbaycanın mobil rabitə bazarında 1994-cü ildən, «Azercell Telekom» isə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətlərin müvafiq olaraq 2,5 mln. və 4,4 mln. abunəçisi mövcuddur.