Bakı – APA-Economics. «Azərsu» ASC istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirib. ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında 19 700 ədəd smart-kart tipli sayğaclar quraşdırılaraq istismara verilib. Bunlardan 7 560 ədədi əhali qrupu, 12 140 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür.
Qeyd edək ki, smart-kart tipli su sayğaclarının quraşdırılmasına 2012-ci ilin may ayında başlanılıb. İlkin mərhələdə smart-kart sayğacların quraşdırılması qeyri-əhali qrupu abunəçilərini əhatə edib. Ötən ilin oktyabr ayından əhali qrupu abunəçiləri də smart-kart tipli sayğaclarla təchiz edilir. Smart-kart sayğaclar Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Quba və Zərdab şəhərlərində də quraşdırılıb. Bölgələrdə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində bütün abunəçilər smart-kart tipli sayğaclarla təmin ediləcək.
Ümumilikdə, 2012-ci ildə mexaniki və elektron tipli 65 min ədəd su sayğacı quraşdırılıb. Bu il yanvarın 1-ə olan məlumata görə, «Azərsu» üzrə abunəçilərin 550 minə qədəri və ya 47,5%-i sayğaclarla təmin olunub.
ASC-dən bildirilib ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına sayğacların quraşdırılması Səhmdar Cəmiyyətin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə «Azərsu»nun müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.