Bakı. Aynur Əliyeva – APA-Economics. «Elektron hökumət» portalı (www.e-gov.az) vasitəsilə göndərilmiş arayışları əldə etmək və onları müvafiq quruma təqdim etməyin qısa yolu portala əlavə edilmiş «Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi» və «Portal üzərindən verilən arayışların yoxlanılması» adlı elektron xidmətlərdən keçir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istifadəçi «Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi» xidmətinə daxil olduqda ekranda istifadəçinin FİN-ə uyğun fərdi məlumatları əks olunacaq. «Portal üzərindən verilən arayışların yoxlanılması» xidmətindən istifadə etmək üçün PDF formatında olan elektron müraciətin ştrix kodu təqdim olunan boş xanaya əlavə edilir. Nəticədə, ekranda istifadəçiyə aid fərdi məlumatlar əks olunur.
Qeyd edək ki, həmin məlumatları kompüterdə yadda saxlamaq üçün PDF düyməsindən istifadə etdikdən sonra elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək mümkündür.