Bank Of Baku

ADDA rəhbərliyi ilə NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərinin görüşü keçirilib

ADDA rəhbərliyi ilə NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərinin görüşü keçirilib
# 05 mart 2013 12:00 (UTC +04:00)

 

Bakı - APA. Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində cari ilin 04-08 mart tarixlərində Azərbaycan ərazisində dəniz təhlükəsizliyi sisteminin vəziyyətinin qiymətləndirilməsi, o cümlədən gəmilərin mövcud üzmə rejiminin və liman vasitələrinin mühafizəsinin təkmilləşdirilməsi, habelə gəmilərin hərəkətlərinə nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər ilə tanış olmaq məqsədilə NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərdən ibarət qiymətləndirmə qrupu Respublikamıza səfəri həyata keçirilir.

 

Azərbaycan Dövlət Dəniz Administrasiyası (ADDA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində bu gün ADDA rəhbərliyi ilə görüş keçirilib. Görüş zamanı administrasiyanın rəisi cənab Qüdrət Qurbanov son illər ərzində Azərbaycanın digər sahələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurlardan söhbət açaraq, bunun bariz nümunəsi kimi ADDA nəzdində Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin yaradılmasını qeyd edib.

 

Qonaqlar Milli Mərkəzin fəaliyyəti ilə tanış olarkən onlara Mərkəzin funksiyalarına Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsi ilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, ”Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və  koordinasiyanın təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı Milli Mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsinin daxil olmasına dair məlumat verilib.

 

ADDA əməkdaşları ilə keçirilən geniş tərkibli görüşdə Administrasiyanın fəaliyyətinin bir çox istiqamətləri üzrə məsləhətləşmələr aparılıb. Səfər zamanı NATO ekspertlərinin həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və “Dübəndi” neft terminalının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR