Saqareco. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp) bölgəsinə səfər edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, R.Abdullayev və Kaxeti bölgəsinin qubernatoru, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Saqareco rayon İcra Hakimiyyətinin başçısı gürcülər və azərbaycanlılar yaşayan iki kənddə içməli su xəttinin açılışında iştirak edib.
İlk tədbir 30 min azərbaycanlı yaşayan Yor-Muğanlı kəndində keçirilib. Bu kəndə ARDNŞ dəstəyi ilə 12 km uzunluğunda içməli su xətti çəkilib. Tədbirdə çıxış edən R.Abdullayev Yor-Muğanlı kəndinə qaz xəttinin çəkildiyini, indi də içməli su probleminin aradan qaldırıldığını bildirib: “Yor-Muğanlı kənd sakinləri Azərbaycan prezidentinə içməli su ilə əlaqədar müraciət edərək, kəndə su çəkilməsini xahiş ediblər. Düzdür, bu bizim vəzifəmiz deyil, amma biz bölgədə yaşayan azərbaycanlıların yaşayış tərzini yaxşılaşdırmaq üçün bu problemləri aradan qaldırdıq”.
Tədbirdə çıxış edən soydaşlarımız onlara göstərilən qayğı üçün Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər: “Tarix boyu bu kəndə qaz çəkilməyib, 30 ildən də çox içməli su problem olub”.
Həmin gün 400 gürcü ailəsi yaşayan Badiauri kəndində də ARDNŞ-ın dəstəyi ilə daha bir içməli su xətti istifadəyə verilib. Məlumata görə, bu kəndin sakinləri də Azərbaycan prezidentinə içməli su çatışmazlığını aradan qaldırmaq və bu problem həll etmək üçün müraciət ediblər.