Bakı. Aynur Əliyeva - APA-Economics. Mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində Fransanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (İTF) növbəti İllik Sammiti keçiriləcək.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Dəyişən dünya üçün nəqliyyat” mövzusuna həsr edilmiş Forumda üzv ölkələrin nəqliyyat nazirləri, hökumət nümayəndələri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Forumda yüksək keyfiyyətli nəqliyyat şəbəkələri, nəqliyyatın ətraf mühit və sağlamlığa təsiri, demoqrafik tendensiyalar, yeni informasiya və kommunikasiya texnologiyalarının yaradılması məsələləri və digər mövzuların müzakirə edilməsi planlaşdırılır.
Beynəlxalq Nəqliyyat Forumunun (İTF) növbəti İllik Sammitində nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.