Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən 2012-ci ildə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması və emalı, yeni proqram təminatlarının yaradılması, korporativ şəbəkənin genişləndirilməsi, Azərbaycanın xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində bir sıra mühüm işlər görülüb. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Gömrük-biznes əməkdaşlığı çərçivəsində vətəndaş-məmur təmasını minimuma endirmək məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçılarının (XİF) həyata keçirdikləri ayrı-ayrı gömrük əməliyyatlarının gömrük orqanlarına bilavasitə gəlmədən və 24/7 saat rejimində həyata keçirilməsini təmin etmək üçün Komitənin rəsmi internet saytında «XİF iştirakçısının şəxsi kabineti» bölməsi yaradılıb. Hazırda bu bölmə vasitəsilə bir sıra əməliyyatların aparılması - gömrük rəsmiləşdirilməsi və gömrük qaydaları haqqında XİF iştirakçısına lazım olan informasiyaların əldə olunması, gömrük rəsmiləşdirilməsi ilə bağlı müraciətin elektron qaydada təqdim olunması, müxtəlif vətəndaş sorğuları, ərizə və şikayətlərin qəbulu, mal və nəqliyyat vasitələrinin ilkin bəyan olunması və gömrük rəsmiləşdirilməsi ilə bağlı Mərkəzi Gömrük Ekspertiza İdarəsinə müraciət olunması mümkündür.
Bundan başqa, bütün sərhəd-gömrük orqanlarında «məlumat köşkləri» quraşdırılıb. Burada fiziki şəxslər köşklərdən istifadə etməklə gətirdikləri (apardıqları) əşya və valyutanı gömrük orqanında bəyan edə bilirlər. Həmin şəxslər köşklərdən gömrük rəsmiləşdirilməsi və gömrük qaydaları haqqında lazımi məlumatlar da əldə edə bilərlər. «Fiziki şəxslər üçün gömrük bəyannaməsi» avtomatlaşdırılmış sistemi yaradılıb ki, Azərbaycana gələn və ya ölkə ərazisini tərk edən fiziki şəxslər bu sistemdən istifadə etməklə gömrük sərhədlərindən keçirdikləri malları və qiymətli əşyaları öz vaxtlarına qənaət etməklə elektron qaydada qabaqcadan bəyan edə bilərlər. DGK-nın internet saytında yaradılmış imkandan istifadə etməklə bu şəxslər Komitənin mobil qrupları ilə əlaqə yaradıb məlumat verə və ya yardım da istəyə bilərlər.