Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər nazirinin müavini Javed Ludinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı M.Pənahov son dövrlər Azərbaycanın yol-nəqliyyat strukturunda aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, həmçinin nəqliyyat-yol kompleksində görülən nəhəng layihələr barədə ətraflı məlumat verib. Eyni zamanda, nazir müavini Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, Dəmir yolunun inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər və Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi barəsində qonaqlara daha ətraflı məlumat verib.
Görüşdə həmçinin, ikitərəfli əlaqələr, əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakı, həmçinin, «İstanbul Prosesi» (bu proses Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə vermək məqsədi daşıyır) ilə bağlı müzakirələr aparılıb.