Bakı. Nicat Mustafayev – APA-Economics. Uqandada keçirilən Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (International Telecommunications Satellite Organization - ITSO) Tərəflər Assambleyasının 35-ci iclasında sədr müavinlərinin təyin olunması məsələsinə baxılıb.
«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, səsvermə nəticəsində Azərbaycan nümayəndəsi Məzahim Quliyev sözügedən təşkilata Şərqi Avropa və Şimali Asiya regionundan sədr müavini seçilib.
İclasın gündəliyində duran məsələlərdən biri də təşkilatın Məşvərət Komitəsinə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) müəyyən etdiyi regionlar üzrə üzvlərin seçilməsi olub. Səsvermədən sonra Azərbaycan Polşa ilə birlikdə Şərqi Avropa və Şimali Asiya regionundan Məşvərət Komitəsinə daimi üzv seçilib.
Qeyd edək ki, martın 7-8-də ITSO-nun rəhbər orqanlarına seçkilərdən sonra təşkilatın ilk iclası keçiriləcək, Azərbaycan nümayəndəsi sədr müavini qismində tədbirdə iştirak edəcək.