Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda avtobuslar vasitəsilə sərnişin daşınması ilə məşğul olan, lakin təhlükəsizliyin təmin olunmasına riayət etməyən sahibkarlar fəaliyyətdən uzaqlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
M.Pənahovun sözlərinə görə, hazırda Nəqliyyat Nazirliyi şəhər nəqliyyatının idarə olunması ilə bağlı tədbirlər həyata keçirir. Bir birini təkrar edən marşrutlar tənzimlənir və birisi çıxarılaraq digər marşruta salınır: «Hazırda marşrutların optimallaşdırılması işləri həyata keçirilir, eyni marşrutla hərəkət edən və ümumiyyətlə istismara yararsız olan köhnə avtobuslar sıradan çıxarılır və yenisi ilə əvəz olunur. Eyni zamanda, təhlükəsizlik tələblərinə əməl etməyən sərnişindaşıma ilə məşğul olan sahibkarlar müvafiq xəbərdarlıq alır və fəaliyyətində dəyişiklik etməyən sahibkarlar işdən uzaqlaşdırılır. Artıq bu sahədə sahibkarların sayı 30% azaldılıb».
Nazir müavini paytaxt nəqliyyatının intellektual idarəetmə sisteminə toxunaraq qeyd edib ki, bu sistem Nəqliyyat Nazirliyinin şəhər nəqliyyatını idarə etməsinə yardım göstərir: «Hazırda sistemin fəaliyyətindəki bəzi nasazlıqlar marşrutların optimallaşdırılması ilə bağlıdır. Belə ki, marşrutlar optimallaşdırılarkən sistem də optimallaşdırılır, yeni və dəyişdirilən marşrutlar sistemdə də dəyişdirilir və ya əlavə olunur».