Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC Daşkənd şəhərində (Özbəkistan) Termez beynəlxalq avtomobil yolunun çəkilməsində iştirak edir. Ümumi uzunluğu 100 km olan yolun tikinti işlərinə 2012-ci ilin aprel ayında başlanılıb.
Bu yolun çəkilməsi üzrə tenderin qalibi kimi Azərbaycan şirkətinin üzərinə götürdüyü vəzifə I lot üzrə 65 km, II lot üzrə 10 km və 25 km olmaqla 35 km-lik hissənin tikintisi və yenidən qurulmasından ibarətdir.
ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva «APA-Economics»ə bildirib ki, I kateqoriyalı yolda layihə üzrə 36 körpünün, 1 heyvan keçidinin və suötürücü qurğuların inşası da nəzərdə tutulub.
Qeyd edək ki, yolun tikinti işlərinin 2014-cü ildə yekunlaşdırılması nəzərdə tutulub. Yolun çəkilməsinin sifarişçisi qismində Özbəkistan Maliyyə Nazirliyinin Yol Fondu çıxış edir. Layihə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.