Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan 4G texnologiyasının tətbiqinə görə Avropada 9-cu, dünyada 37-ci ölkədir. «APA-Economics»in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxışında bildirib.
Nazirin sözlərinə görə, 2004-2009-cu illərdə Azərbaycanda İKT sektorunun gəlirləri ildə orta hesabla 30-32%, 2009-2011-ci illərdə isə dünya maliyyə böhranı dövründə ildə 14-15% artıb.
«Əgər biz 2020-ci ilədək olan strategiya çərçivəsində qarşımıza qoyulan məqsədə çatmaq istəyiriksə, İKT sahəsində qarşımıza qoyulan məqsədə artım tempi təqribən 20% ətrafında olmalıdır. Eyni zamanda, 2012-ci ilin ilk 10 ayının statistik göstəriciləri buna inam yaradır», - deyə Ə.Abbasov vurğulayıb.