Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Nissan» avtomobillərinin rəsmi distribyutoru olan «Nurgun Motors» şirkəti fevral ayında ölkəyə tam yeni avtomobil modeli idxal edəcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Nissan Tiida» modelinin istehsalı artıq dayandırılıb və yeni brend məhz dünya avtomobil bazarında «Tiida»nı əvəzləyən «Sentra» modeli olacaq.
Yeni «Sentra»nın standart modeli 6 pilləli mexaniki sürət ötürmə qutusu ilə, bir qədər bahalı modellər isə CVT qutuları ilə təchiz olunub. «Sentra» modeli həmçinin 5,8 düymlü sensor displeyi, 8 dinamikli «Bose» audiosistemi, arxa görüntü kamerası, «Bluetooth» interfeysi və zonal iqlim-kontrol sistemi ilə təchiz olunub.
«Nissan Sentra»da həcmləri müvafiq olaraq 1,6 və 1,8 litr olan benzin mühərrikləri quraşdırılıb. Azərbaycan bazarına sözügedən model 6 komplektasiyada gətiriləcək. Yeni modelin qiyməti hələlik müəyyənləşməyib.