Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda telekommunikasiya və internet şəbəkələrinin gələcək inkişafı çərçivəsində «Evə optika» modeli üzrə optik şəbəkənin ölkənin bütün yaşayış məntəqələrinə çatdırılması və bu şəbəkə vasitəsilə həm internet, həm radio və televiziya, həm də digər rabitə xidmətlərinin bir kanal vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onu sözlərinə görə, bu layihə olmadan biliklər iqtisadiyyatı üzrə böyük hədəflərə çatmaq mümkün deyil.
Nazir bildirib ki, Azərbaycanda bu layihə Dövlət Neft Fondu ilə birlikdə hazırlanır. Qarşıdakı 3 il ərzində bu layihəyə təqribən 400 mln. dollar investisiya yatırılması nəzərdə tutulur. Layihəyə fərdi investorlar, həmçinin özəl sektorda kapital qoyuluşu ilə məşğul olan şirkətlər də dəvət olunub. «Layihə yüksək rentabelli olduğu üçün bu müddət ərzində sərmayələrin 40%-i təkrar investisiya vasitəsilə həyata keçiriləcək», - deyə Ə.Abbasov bildirib.