Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesində yeniliklərin tətbiqi planlaşdırılır

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesində yeniliklərin tətbiqi planlaşdırılır
# 28 noyabr 2012 08:41 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə daşınmaz əmlakın qeydiyyatı sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması, eləcə də təşkilati və texniki sahədə tədbirlər görür. Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu tədbirlərə qeydiyyat prosesinin maksimum sadələşdirilməsi, yerli qeydiyyat bölmələrinin sayının artırılması yolu ilə əhatə dairəsinin genişləndirilməsi, müraciətlərin icrasına nəzarətin, əhali arasında izahat və təbliğat işlərinin gücləndirilməsi və s. aiddir.

 

Eyni zamanda həyata keçiriləcək işlər çərçivəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsi, bunun üçün tələb olunan müddətlərin azaldılması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində yeni elektron xidmətlərin göstərilməsi, ərazi qeydiyyat idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur.

 

Artıq mayın 1-dən elektron xidmətlərin tətbiqinə başlanılıb. Bu xidmətlər sayəsində hər bir vətəndaş daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün ərazi qeydiyyat idarələrinə internet vasitəsi ilə on-layn müraciət edə bilər. Hazırda məhdudiyyət haqqında arayışların verilməsi və təkrar bazardan qayıdan əmlakların qeydiyyatı ilə bağlı müraciətlər elektron qaydada qəbul olunur. Gələcəkdə isə ipotekanın qeydiyyatı, ləğvi, hüquqların tanınması kimi proseslərin də elektron formada aparılması nəzərdə tutulub. Nəticədə, bu ilin may-oktyabr aylarında 700-ə yaxın elektron müraciət daxil olub və icra olunub.

 

Vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatının daha rahat və operativ qaydada aparılması məqsədi ilə artıq bütün yerli qeydiyyat idarələrində sənəd qəbulu həftənin bütün iş günlərində və iş gününün sonunadək həyata keçirilir. Bundan başqa, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin bütün rayon şöbələrində, Abşeron, Sumqayıt, Gəncə və Xaçmaz ərazi idarələrində «elektron növbəlilik» sisteminin tətbiqinə başlanılıb.

 

Qeydiyyat sahəsində digər yeniliklər təşkilati tədbirlərə aiddir. Bu tədbirlərə əsasən xidmətin əhatə dairəsinin genişləndirilməsi və geniş əhali kütlələri üçün əlçatanlığının artırılması nəzərdə tutulur. Bu addım vətəndaşları daşınmaz əmlakın qeydiyyatı, məhdudiyyət arayışlarının alınması və onunla bağlı digər əməliyyatların aparılması üçün uzun məsafə sərf edib vaxt itirməsinin qarşısını alacaq. Bu məqsədlə ilk olaraq, xidmətin ərazi idarələrinin strukturu təkmilləşdirilir, Bakı şəhər Ərazi İdarəsinin yeni filialları yaradılır. Belə ki, Yasamal, Suraxanı, Nəsimi, Nizami və Səbail rayon qeydiyyat şöbələri artıq yaradılıb. Ərazi idarəsi və ya rayon şöbəsinin yerləşmədiyi böyük yaşayış məntəqələrində ərazi qeydiyyat idarələrinin sənəd qəbulu məntəqələrinin yaradılması, onların bina, avadanlıq və texniki vasitələrlə, kommunikasiya şəbəkələri ilə təmin edilməsi nəzərdə tutulur.

 

Daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi sahəsində tədbirlərdən biri də bunun üçün dövlət rüsumları və xidmət haqlarının istənilən ödəmə məntəqəsində aparmaq imkanının yaradılması olacaq. Bu ödənişlər avtomatik olaraq Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində aidiyyəti üzrə vətəndaşdan qəbul olunmuş ərizənin qarşısında görünəcək. Bu məqsədlə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi ilə ödənişlərin aparıldığı bank arasında əlaqənin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR