FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Mühəndis-Axtarış Mərkəzinin tikinti sahəsindəki səlahiyyətləri müəyyənləşıb
Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda təhlükəli təbii və texnogen proseslərin inkişaf etdiyi və spesifik qruntların yayıldığı ərazilərdə və yaxud belə sahələrin yaxınlığında tikinti obyektinin yerləşdirilməsinə yol verilməyəcək.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən və bu gündən qüvvəyə minən “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda əksini tapıb.
Bu Qaydalar tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsində mühəndis-axtarış işlərinə dair dövlət nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən edir. Əsas məqsədi təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınmasını təmin etmək üçün tədqiq olunan ərazilərin təbii şəraiti barədə zəruri və kifayət qədər ətraflı məlumatların əldə olunmasından ibarətdir. Tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və tikintisinin həyata keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq sahələrinin planlaşdırılması üçün mühəndis-axtarış işlərinin aparılması mütləqdir. Mühəndis-axtarış işləri xüsusi razılıq (lisenziya) almış şəxslər tərəfindən yerinə yetirilməlidir. Mühəndis-axtarış işlərinin nəticələri vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Dövlət Məlumat Fondunda azı 99 (doxsan doqquz) il müddətində saxlanılır və ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında, eləcə də şəhərlərin, rayonların, qəsəbə və kəndlərin (bələdiyyələrin) ərazilərində şəhərsalma və tikinti fəaliyyətinin informasiya təminatı sistemlərinin aparılmasında bu məlumatlardan istifadə olunur. Mühəndis-axtarış işlərinə mühəndis-geodeziya,mühəndis-geoloji axtarış, mühəndis-hidrogeoloji axtarış və geofiziki işlər, o cümlədən qruntların laboratoriya tədqiqatları daxildir. Podratçı sifarişçi tərəfindən təqdim olunmuş ilkin məlumatları onların aktuallığını və keyfiyyətini nəzərə almaqla təhlil edir, çöl və kameral işlərin yerinə yetirilməsi zamanı həmin məlumatlardan istifadənin mümkünlüyü və dərəcəsi barədə qərar qəbul edir. Mühəndis-axtarış işləri tikinti işlərinin layihəqabağı mərhələsində aparılır. Mühəndis-axtarış işlərinin nəticələri təbii və texnogen xarakterli fövqəladə halların yaranma riskinə məruz qalan ərazilərin xəritələrini özündə əks etdirməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan topoqrafik və yerquruluşu materiallarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunan meteoroloji, hidroloji, geoloji və hidrogeoloji materiallardan da istifadə edilməlidir.
Müvafiq fiziki və hüquqi şəxslər tərəfindən tikinti məqsədləri üçün aparılmış mühəndis-axtarış işlərinin nəticələrinə dair hesabatın şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Mühəndis-Axtarış Mərkəzi tərəfindən həyata keçirilir. Mühəndis-axtarış işlərini həyata keçirən bütün subyektlər tərəfindən ilk növbədə aparılacaq mühəndis-axtarış işləri haqqında tərtib edilmiş proqramın layihəsi razılaşdırılmaq və sonradan həmin işlərin nəticələrinə rəy verilmək üçün Agentliyə təqdim olunur. Xüsusi razılıq (lisenziya) alınmadan fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilən mühəndis-axtarış işlərinin nəticələri qəbul edilmir və təqdim olunan sənədlər rəy tərtib edilmədən geri qaytarılır. Mühəndis-axtarış işlərinin nəticələrinin yoxlanılması mülkiyyət formasından asılı olmayaraq, mühəndis-axtarış işləri aparan fiziki və hüquqi şəxslər tərəfindən həmin işlərin müqavilədə göstərilən smeta dəyərinin 3 faizi miqdarında Mərkəzə ödəniləcək vəsait hesabına aparılır. Yoxlanılmış və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğunluğu təsdiq olunmuş mühəndis-axtarış işlərinin nəticələri Mərkəz tərəfindən 10 gün müddətində bir nüsxəsi kağız formasında sifarişçiyə və bir nüsxəsi isə elektron formada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir.
Tikilib abadlaşdırılmış ərazilərdə tikintinin aparılması üçün mühəndis-axtarış işləri yerinə yetirilərkən bitişik (yanaşı) və qonşu binaların yükdaşıyan konstruksiyaları ətraflı öyrənilməli, planlaşdırılan tikintinin mövcud obyektlərə potensial təsiri qiymətləndirilməli və sənədləşdirilməlidir. Mühəndis-axtarış işlərinin nəticələri bina və qurğuların layihə parametrlərini və digər layihə xarakteristikalarını, eləcə də bina və qurğuların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar layihələndirilən tədbirləri müəyyənləşdirmək üçün əsaslandırılmış olmalı, təyin edilmiş hesabi göstəricilərin bina və ya qurğuların inşası və istismarı prosesində dəyişməsi proqnozunu əks etdirməlidir.
Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidir.