Bakı Beynəlxalq Avtovağzal Kompleksində fəaliyyət göstərən «M-Trans» nəqliyyat şirkətinin iqtisadiyyat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətləb Abidi «APA-Economics»ə bildirilib ki, hava şəraiti ilə əlaqədar bütün nəqliyyat vasitələri sahiblərinə qabaqlayıcı tədbirlər görülməsinə dair göstəriş verilib. Avtobusların salonunun qızdırılması, Avtovağzal Kompleksinin ərazisinə duz tökülməsi, avtobusların hərəkət cədvəlinə uyğun yola düşməsi, maşınların şəraitə uyğun olaraq tam hazırlıq vəziyyətinə gətirilməsi ilə əlaqədar müvafiq əmr verilib.
Şirkət nümayəndəsi əlavə edib ki, respublikanın bölgələrindəki yollarda cari durumla bağlı Baş Dövlət Yol Polisindən mütəmadi telefonoqram gəlir: «Məlumat əldə edən kimi sürücülərə buz bağlayan yollar haqda xəbər verir və alternativ yollardan istifadə olunmasına dair göstəriş veririk. Hər il olduğu kimi, bu il də Avtomobil Nəqliyyatı Xidmətinin Regional İdarəsinin əməkdaşları həmin yollardan maşınların hərəkətinə nəzarət edirlər».
Hava şəraitinə görə bəzi sürücülərin vəziyyətdən istifadə edərək gediş haqqının süni şəkildə qaldırmasına münasibət bildirən M.Abidi qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində 11 nəfərdən ibarət Qiymət intizamına nəzarət Komissiyası yaradılıb. İstənilən şəxs Komissiyaya müraciət edə bilər.
Çovğunlu hava şəraitinə hər zaman hazır olduqlarını bildirən «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli «APA-Economics»ə deyib ki, şirkətin bunun üçün kifayət qədər texnikası var: «Bundan əvvəl də şaxtalı hava şəraitində aviareyslər qrafikə uyğun yerinə yetirilib».
Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin yanvarın 31-ə proqnozlaşdırılan şaxtalı hava ilə əlaqədar respublika üzrə 20 min kubmetrə yaxın qum ehtiyatı, 1 500 ton duz ehtiyatı, eləcə də 1 100 maşın və texnika hazır vəziyyətə gətirilib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, tabeliklərində olan avtomobil yolları, körpülər, yol qurğularında nəqliyyat vasitələrinin normal və fasiləsiz hərəkətini təmin etmək üçün əmr hazırlanaraq aidiyyəti üzrə bütün yol istismar müəssisələrinə göndərilib.
«Yaranan problemlərin aradan qaldırılması məqsədilə avtomobil yollarına baxış keçirilib, texnika saz vəziyyətə gətirilib, lazımi materiallar - qum, duz, yanacaq yağlarının gətirilməsi təmin olunub. Bakıda yağış barmaqlıqlarının təmizlənməsi, onun birləşdiyi kanalların təmizlənməsi, zəruri yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması, tunellərdə nasosların təmiri, yeni nasosların gətirilməsinə başlanılıb», - deyə P.Mürsəliyev bildirib.
O, qeyd edib ki, ASC-də müvafiq növbətçilik sistemi təşkil olunub və bütün işlər Nəqliyyat Nazirliyinin tam nəzarətindədir.
«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov da qurumun kəskin hava şəraitinə hazır olduğunu vurğulayıb.