Bakı. Aynur Əliyeva – APA-Economics. «Ookla» şirkətinin «Speedtest.net» xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib. Şirkətin «NetIndex» reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti son bir ayda 19% azalaraq 4,34 Mbit/saniyə təşkil edib.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı üzrə bu göstərici 4,80 Mbit/s, Sumqayıt üzrə isə 3,17 Mbit/s olub.
Nəticələr şirkətin 2014-cü il yanvarın 4-dən fevralın 2-dək apardığı eksperimental araşdırmalar əsasında əldə edilib. Testlərin aparılması üçün 373 954 unikal IP ünvanı seçilib.
Azərbaycan daxil olan trafikin reytinqi üzrə ötən ayla müqayisədə 13 pillə geriləyərək 124-cü yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (72,48 Mbit/s), Sinqapur (59,53 Mbit/s) və Rumıniya (57,13 Mbit/s) qərarlaşıb.
Xaric olan trafikin orta sürəti isə 2,36 Mbit/saniyə təşkil edir və bu göstərici üzrə Azərbaycan ötən ayla müqayisədə reytinqdə 21 pillə geriləyərək 113-cü yerdə qərarlaşıb.
Bakı üzrə bu göstərici 3,25 Mbit/s, Sumqayıt üzrə isə 0,65 Mbit/s təşkil edir. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (59,61 Mbit/s), Sinqapur (45,82 Mbit/s) və Cənubi Koreya (42,88 Mbit/s) yer alıb.