Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2010-2014-cü illər) icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
«Azərbaycan Dəmir Yolları» QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, martın 14-də dəmir yolunun Qarabulaq-Müsüslü mənzilində 200-cü km əsaslı təmir olunub.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci km-də start verilib. Yolun ilk 100-cü kilometrin təmiri 2012-ci il iyulun 21-də Mingəçevir stansiyasında başa çatıb. «Dəmiryolçuların səyləri sayəsində, növbəti 100 kilometr dəmir yolu vaxtından qabaq, 8 ay ərzində təmir olunub», - deyə məlumatda bildirilir. Əsaslı təmir işlərini «Azərbaycan Dəmir Yolları» QSC-nin «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.