Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi (İİN) və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Sabunçu rayonu ərazisində yerləşən 2 bu cür sahənin tullantılardan təmizlənməsi işləri aparılır, yaxın günlərdə daha 4 sahənin tullantılardan təmizlənməsi nəzərdə tutulur.
İİN-dən “APA-Economics”ə verilən məlumata görə, indiyədək layihə çərçivəsində Bakı şəhərinin 7 rayonunda (Suraxanı, Sabunçu, Binəqədi, Qaradağ, Xətai, Yasamal, Xəzər) və ARDNŞ-in sərəncamında olan ərazilərdə yerləşən 29 qeyri-qanuni tullantı sahəsi tamamilə tullantılardan təmizlənib, həmin sahələrdən toplanan 420 min tondan çox tullantı Balaxanı poliqonuna daşınıb.
Qeyd edək ki, “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən ümumilikdə Bakının 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 kv. m-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib. Aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib.
Ötən ilin avqust ayından etibarən qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülüb, tullantı sahələrinə baxış keçirilib, müvafiq İş Planı tərtib olunaraq təmizləmə işlərinə başlanıb.
“Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür.