Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin (Baku International Architectural Award-2013) yekun mərhələsi keçirilir.
Şəhərsalma və memarlıq həllərinin inkişafı və həyata keçirilməsi, binaların və tikililərin daha mənalı layihələndirilməsi, kompozisiya, həcm-məkan həllərinin axtarışı üçün yeni ideyaların aşkara çıxarılması, o cümlədən maksimal müxtəlifliyə nail olmaq üçün konstruktiv ideyaların həyata keçirilməsi məqsədilə elan edilən müsabiqəyə 15 ölkədən müxtəlif layihələr təqdim olunub. «APA-Economics» xəbər verir ki, müsabiqəyə azərbaycanlı memarlarla yanaşı Rusiya, Ukrayna, Tacikistan, Fransa, Cənubi Afrika, Çili, Meksika, Avstraliya və digər ölkələrdən layihələr təqdim olunub.
Müsabiqə çərçivəsində ümumilikdə 150 layihə təqdim olunub, qaliblər gizli səsvermə nəticəsində seçiləcək. Müsabiqənin yekun nəticələri noyabrın 2-də elan ediləcək.
Qeyd edək ki, I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi «İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə», «Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə», «Həyata keçirilmiş ən yaxşı interyer», «Həyata keçirilməmiş ən yaxşı layihə», «Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə», «Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə», «Memarlıq sahəsində ən yaxşı nəşr» nominasiyaları üzrə keçirilir.
Müsabiqə qalibləri üçün mükafat fondu təşkilatçılar tərəfindən 52 500 manat həcmində müəyyən edilib. Layihələrə görə təqdim olunacaq mükafatların həcmi 1-4 min manat arasında dəyişəcək. Müsabiqənin beynəlxalq münsiflər heyətinə Mişel Barmaki (Beynəlxalq Memarlar İttifaqının baş katibi, Livan), Elbəy Qasımzadə (Azərbaycan Memarlar İttifaqının sədri), Vassilis Sgoutas (BMİ-nin sabit prezidenti, Yunanıstan), Tomas Vonier (BMİ-nin vitse-prezidenti, ABŞ) və Hayder Ali (BMİ-nin vitse-prezidenti, Sudan) daxildir.