Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində işlər davam etdirilir.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, artıq Bakı şəhərinin Binəqədi rayonu, S. S. Axundov küç., 4, İ. Dadaşov küç. 90 və 91a ünvanlarında yerləşən binalarda “Binəqədi-1”, həmin rayonda Naxçıvani küçəsi, 33a ünvanındakı binada “Binəqədi-2”, Yasamal rayonu, M. İ. Hinduşah Naxçıvani küç., 14 ünvanında “Yasamal-2” və Nəsimi rayonu, C. Səlimov küç., 7 ünvanında “Nəsimi-2” mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri yaradılaraq Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Bununla yanaşı, hazırda Bakı şəhərinin bir neçə rayonu üzrə iyirmidən artıq çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.