Bakı. Aynur Əliyeva – APA-Economics. Türkiyənin ən böyük “start up” tədbirlərindən olan “Etohum”un Bakı toplantısı mayın 30-1 iyunda keçiriləcək.
Tədbir Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında təşkil olunacaq.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Etohum” qurulduğu gündən ötən 6 il ərzində 300-dən çox mentor və 40-dan çox özəl investorlarla əməkdaşlıq edərək 200-ə yaxın layihəni seçmiş və onlara dəstək verib. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri –“Grupanya”, “Balerin”, “Evidea”, “Pembepanjur”, “İndirdik”, “İnfodif”, “Ehil”, “Gamester”, “Userspots”, “Connected2me”, “Dekoreko” kimi şirkətlər də var.
Bakıda sayca ikinci olan bu görüşün əsas məqsədi internet sahibkarlığı sahəsində Türkiyənin tanınmış şirkətlərinin sahibləri və əməkdaşlarının milli “start up”çılarımızla qazandıqları uğur və təcrübələri bölüşərək, onların innovasiya məhsullarının və yüksək texnologiyalarının daha tez kommersiyalaşdırılmasında köməklik göstərməkdir.
ABŞ şirkəti olan “Hazelcast” qurucusu Fuad Məlikov, Türkiyənin bir çox şirkətlərinin, o cümlədən “212 Vençur Kapitalı” şirkətindən Numan Numan, “Sporx” qurucusu İlkan Gökyılmaz, “Monitera” qurucuları Metin Kahraman, Harun Pekşen də məruzəçi qismində bu görüşdə iştirak edəcəklər.