Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda Ümumdünya Metrologiya gününə həsr olunmuş tədbir keçirilib.
“APA-Economics”in məlumatına görə, seminarda çıxış edən komitənin Aparat rəhbərinin müavini Elçin Quliyev peşə bayramı münasibətilə ölkənin metroloqlarını təbrik edib.
Metrologiyanın əhəmiyyəti və aktuallığı barədə danışan E.Quliyev bu sahədə əldə etdiyi uğurlar və əldə olunan nailiyyətlər barədə söz açıb. O bildirib ki, “Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” prezident fərmanına əsasən, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti və Dövlət Metrologiya Xidmətinin yaradılması dövlətin bu sahəyə nə dərəcədə yüksək diqqət yetirməsinin bir sübutudur.
O, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun “20 may - Ümumdünya Metrologiya gününün qeyd olunması barədə” əmrini oxuyaraq, metrologiya sahəsində göstərdikləri xidmətlərə görə bir qrup komitə əməkdaşının Fəxri Fərmanla təltif olunduğunu qeyd edib.
Sonra komitənin Metrologiya şöbəsinin müdiri Elçin Abbasov çıxış edib. O bildirib ki, müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu böyükdür. Şöbə müdiri qeyd edib ki, bu günün tarixi 1875-ci ilin mayın 20-dən Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyası imzalanmaqla başlayıb: “Konvensiyaya uyğun olaraq Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu yaradılıb və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi yaradılıb. Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir”.