Bakı – APA-Economics. Bu gün BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə Ümumdünya Gömrük Təşkilatının birgə həyata keçirdiyi “Konteyner Daşınmalarına Nəzarət” və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Nümayəndəliyinin “Azərbaycanda və Mərkəzi Asiyada prekursorlara nəzarət” adlı layihələri çərçivəsində “Ford Ranger” markalı xüsusi nəqliyyat vasitəsinin, eləcə də müxtəlif avadanlıqların Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) təqdim olunması ilə bağlı xüsusi mərasim keçirilib.
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, mərasimdən öncə DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri Aleksandr Sıçovu və proqram koordinatoru Qalina Fomaidini qəbul edib.
Qonaqları səmimiyyətlə salamlayan DGK sədri Aydın Əliyev ilk öncə bu nəcib təşəbbüsə görə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinə təşəkkürünü bildirib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib. BMT-nin dəstəyi ilə 2011-ci ildə Bakıda keçirilən Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konfransda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovun iştirakını məmnunluqla xatırlayan komitə sədri bu mötəbər konfransın əhəmiyyətindən danışıb, ümumiyyətlə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində DGK-nın son illər həyata keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı bəhs edib.
Səmimi qəbula görə Aydın Əliyevə təşəkkürünü bildirən Aleksandr Sıçov müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edib və bu inkişafın nəticəsi olaraq Azərbaycan gömrük xidmətinin bir sıra ölkələrə, o cümlədən Əfqanıstan kimi qeyri-sabit bir bölgəyə etdiyi təmənnasız yardımları yüksək qiymətləndirib. Təqdim olunan avadanlıqlar barədə məlumat verən qonaq BMT-nin DGK-ya yardımını bundan sonra da əsirgəməyəcəyini bildirib, mövcud olan sıx və səmərəli münasibətlərin gələcək perspektivlərindən bəhs edib.
Sonra Azərbaycan tərəfinə verilən avadanlıqların təqdim edilməsi mərasimi keçirilib. Bildirilib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi “Konteyner Daşınmalarına Nəzarət” Layihəsinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Əfqanıstandan narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə” adlı fazası çərçivəsində DGK-ya təhvil verilən avadanlıqlar “Bakı Beynəlxalq Liman” dəniz nəzarət postunda və Astara Gömrük İdarəsində yaradılması planlaşdırılan konteynerlərə nəzarət bölmələrinin təchizatı üçün nəzərdə tutulur. Bu avadanlıqlara kompüterlər, printerlər, USB cihazı kabelləri, UPS cihazları, printer-skaner aparatı, rəqəmsal fotokamera və gömrük nəzarətinin həyata keçirilməsi üçün vasitələr daxildir.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin “Azərbaycanda və Mərkəzi Asiyada prekursorlara nəzarət” adlı layihəsi çərçivəsində isə DGK-ya “Ford Ranger” markalı xüsusi nəqliyyat vasitəsi, CT30 KİT markalı baxış komplekti, kimyəvi maddələrdən müdafiə üçün vasitələr, naviqasiya cihazı (GPS), prekursorların müəyyən edilməsi üzrə komplektlər təhvil verilir. Sözügedən nəqliyyat vasitəsi və avadanlıqlar DGK mobil qruplarının narkotik vasitələrin hazırlanmasında istifadə oluna bilən və qaçaqmalçılıq yolu ilə keçirilən prekursorları aşkarlaması və qanunsuz dövriyyədən çıxarması üçün nəzərdə tutulur.