Bank Of Baku

Dekabrda Bakıda bir sıra beynəlxalq İKT tədbiri keçiriləcək

Dekabrda Bakıda bir sıra beynəlxalq İKT tədbiri keçiriləcək
# 31 oktyabr 2013 12:11 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) «APA-Economics»ə verilən məlumata görə, «Bakutel» sərgi-konfransı dekabrın 2-5-də «Baku Expo Center»də təşkil olunacaq.

 

RİTN, Beynəlxalq Telekommunikasiya İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəsmi dəstək verdiyi bu sərgi-konfrans çərçivəsində bir sıra tədbirlərin təşkili nəzərdə tutulub.

 

Tədbirlərin siyahısına gəlincə, müəyyənləşən qrafikə əsasən, dekabrın 2-3-də kibertəhlükəsizlik üzrə konfrans, dekabrın 3-4-də isə Azərbaycan-İraq hökumətlərarası komissiyanın iclası keçiriləcək. Eyni zamanda, dekabrın 2-3-də Azərbaycan-ABŞ İKT Forumu, dekabrın 3-4-də Azərbaycan-Argentina İKT Forumu təşkil olunacaq. «BakuTel-2013» çərçivəsində Dünya Azərbaycanlılarının I Virtual Konfransının təşkili də planlaşdırılır və bu konfrans dekabrın 5-də keçiriləcək.

 

Həmçinin, «Ölkəmizdə yaranmış milli «start-up»lara dəstəyin verilməsi» (dekabrın 2-5-də), «TASİM konsorsiumunun əsas telekom operatorlarının illik toplantısı» (dekabrın 2-də), Azərbaycanın İnternetin lokomotiv şəkildə regional inkişafı və irəliləyişi mövzusunda keçiriləcək ilk milli İnternet İdarəçilik Forumu (dekabrın 2-5-də), Azərbaycanda İKT üzrə Dövlət və  Özəl sektor Tərəfdaşlığı Mütəxəssislər Mərkəzinin yaradılması ilə bağlı tədbir (dekabrın 2-də), Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın Biliklərə əsaslanan inkişaf üzrə SPECA layihəsinin işçi qrupunun iclası (dekabrın 3-5-də) təşkil ediləcək.

 

Qeyd edək ki, 1995-ci ildən hər il keçirilən «Bakutel» sərgisinin ənənəvi bölmələrinə «Telekommunikasiya və şəbəkələr», «Genişzolaqlı rabitə və texnologiyalar», «Kabel və simsiz rabitə», «Peyk rabitəsi və texnologiyaları», «Televiziya və radioyayım avadanlıqları və texnologiyaları», «Proqram təchizatı və avtomatlaşdırma sistemləri», «IT və ofis texnologiyaları», «Təhlükəsizlik sistemləri», «Bank texnologiyaları və xidmətləri», «E-Hökumət və E-Təhsil» daxildir. Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan «Bakutel» ötən il digər beynəlxalq əhəmiyyətli tədbirlə - 100-dən artıq ölkədən 1500-dən artıq nümayəndəni bir araya gətirən İnternet İdarəçilik Forumunun (İİF) VII konfransı ilə eyni məkanı paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR