Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi üzrə işlər əsasnamədə nəzərə tutulan kimi aparılır. «APA-Economics»in xəbər verdiyi kimi, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Qeyd edək ki, martın 5-də Azərbaycan prezidenti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, «Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnamə» təsdiq edilib.
Mərkəzin əsas fəaliyyət istiqamətləri sırasında kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya, informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayıb təhlil edilməsi, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsi, elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsi, ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Nazirliklə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirməsi, kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərilməsidir.
Mərkəz ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, kibertəhlükəsizlik sahəsində ölkədə fəaliyyət göstərən informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini əlaqələndirmək, istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, yerli və xarici ölkələrin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən, xarici və digər mənbələrdən elektron təhlükələr və onların qarşısının alınması üçün tətbiq edilən proqram, texniki vasitələr haqqında daxil olan məlumatları toplamaq və təhlil etmək, ölkə ərazisinə qanunsuz televiziya və radio yayımlarının, eləcə də mövcud televiziya və radio yayımlarına, peyk sistemlərinin fəaliyyətinə maneə törədən siqnalların müəyyən olunması ilə bağlı daxil olan müraciətləri araşdırmaq və müvafiq tədbirlər görmək və bu kimi vəzifələri icra edəcək.
Qeyd edək ki, Mərkəzin fəaliyyətinə direktor rəhbərlik edir. Mərkəzin direktoru və onun müavini Azərbaycan rabitə və informasiya texnologiyaları naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. E.Vəlizadənin sözlərinə görə, mərkəzin 10-dan çox əməkdaşı olacaq. \
E.Vəlizadə bildirib ki, Mərkəz artıq mart ayında fəaliyyətə başlaya bilər, çünki onun fəaliyyəti üçün, demək olar ki, çox şey hazırdır və yalnız Əsasnamənin təsdiqi gözlənilirdi.