Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsi mobil ofislər vasitəsilə 1600 nəfərə xidmət göstərib

Əmlak Məsələləri Dövlət Komitəsi mobil ofislər vasitəsilə 1600 nəfərə xidmət göstərib
# 03 iyun 2014 08:46 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi aprel ayından start verdiyi xüsusi təbəqədən olan insanlara mobil ofislər vasitəsilə yerlərdə qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirir.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər bu mobil ofislər vasitəsilə (xüsusi nəqliyyat vasitələrində) əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, hərəkət çətinliyi səbəbindən ərazi qeydiyyat idarələrinə gələ bilməyən vətəndaşlara çatdırılır.

 

3-28 iyun tarixlərində komitənin mobil ofisləri vasitəsilə Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Ağcabədi, Füzuli, İmişli, Tərtər, Ağdam, Naftalan və Goranboy rayonlarından olan vətəndaşlara qeydiyyat xidmətləri  göstəriləcək. Bu xidmətlərdən qeyd olunan şəhər və rayon sakinləri komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə zəng etməklə faydalana bilər.

 

Yerlərdə mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunmasıdır. 

 

Mobil ofislərdə göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş xüsusi nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir.

 

Komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsi, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilir.

 

Daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə,  Mingəçevir və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy, Ağdaş, Qax, Balakən, Ağstafa, Qazax rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 1600-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR