Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsində ilin yekunları ilə bağlı iclas keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində ilin yekunları ilə bağlı iclas keçirilib
# 29 yanvar 2013 12:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2012-ci ildə həyata keçirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Komitədən «APA-Economics»ə verilən məlumata görə, iclasda dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması istiqamətlərində görülən işlər müzakirə olunub.

 

İclasda çıxış edən Komitə sədri Kərəm Həsənov bildirib ki, 2012-ci ildə dövlət əmlakının idarə olunması, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestrinin aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib. Bildirilib ki, ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası ilə bağlı 2013-cü il üçün İş Planı təsdiq edilib və müvafiq tədbirlərin yerinə yetirilməsinə başlanılıb.

 

Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili prosesi çərçivəsində Komitə tərəfindən müvafiq işlər həyata keçirilib. Belə ki, artıq ƏMDK tərəfindən bir sıra fəaliyyət istiqamətləri üzrə, o cümlədən daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması, müsadirə edilmiş əmlakın satışı ilə bağlı da keçirilən hərraclarda iştirak etmək elektron xidmətlər tətbiq edilir. Hazırda Komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, yalnız ötən il ərzində Bakı şəhəri və ölkənin müxtəlif regionlarından daxil olmuş 1 600-ə yaxın elektron müraciət qeydə alınıb və icra edilib.

 

İclasda bildirilib ki, hesabat müddətində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20 normativ hüquqi xarakterli sənəd layihəsi hazırlanıb.

 

Həyata keçirilən təhlillər nəticəsində ərazi qeydiyyat idarələrində əmlaklara dair arayışlar 1 gün ərzində, təkrar bazardan keçmiş əmlaklara dair çıxarışlar isə 7 gündən gec olmayaraq təqdim edilir. Həmçinin, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha yaxşılaşdırılması və bu sahədə operativliyin təmin olunması məqsədi ilə DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin yeni Yasamal, Suraxanı, Nəsimi, Nizami və Səbail rayon qeydiyyat şöbələri fəaliyyətə başlayıb.

 

Azərbaycanda ünvan reyestri informasiya sisteminin yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir, 2013-cü il yanvarın 1-dən ünvanlar yeni qaydalar əsasında veriləcək, küçə və binalara müasir dizaynlı ünvan lövhələri vurulacaq.

 

Müşavirənin sonunda fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi zəruriliyi qeyd edilib. Dövlət əmlakının səmərəli idarə edilməsi və qorunub saxlanıması, habelə zəbtolunma hallarının qarşısının alınması sahəsində həyata keçirilən işlərin daha da gücləndirilməsi, bu istiqamətdə bilavasitə yerlərdə ciddi nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib. Bundan əlavə, rayon və şəhərlərdə dövlət əmlakının faktiki vəziyyətinin dəqiqləşdirilməsi və Registrə daxil edilməsi, yerlərdə dövlət torpaqlarının səmərəli istifadəsi və icarəyə cəlb edilmə işinin gücləndirilməsi ilə bağlı da tapşırıqlar verilib.

 

Bununla yanaşı, daşınmaz əmlakın vahid kadastrının tərtibi ilə bağlı həyata keçirilən kadastr layihələrinin başa çatdırılması, Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı Norveç layihəsinin icrasının nəzarətdə saxlanılması tapşırıqları verilib.

 

Komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR