Bakı. Şamil Əlibəyli – APA. Bakı-Tiflis-Qars (BTQ) layihəsinin büdcəsi tam təsdiq olunub və tərəflər bu ilin sonunda dəmiryolu xəttinə ilk qatarın buraxılması haqqında razılığa gəliblər.
APA-nın xəbərinə görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ermənistan nəqliyyat nazirinin müavini Artaşes Avetisyanın “gələcəkdə mümkün olarsa, Ermənistan da BTQ-dən istifadə edəcək” açıqlamasına münasibət bildirən səfir qeyd edib ki, hər hansı ölkənin BTQ-yə qoşulması yalnız layihənin üzvü olan üç ölkənin razılığından sonra mümkün ola bilər: “Məndə olan məlumata görə, Qazaxıstan, Türkmənistan və Rumıniya da layihəyə maraq göstərir”.
T.Şaraşenidze deyib ki, bu il Qara dənizin Gürcüstan sahilində, böyük ehtimalla Potidə ARDNŞ və bir neçə Gürcüstan şirkəti neft emalı zavodu inşa edəcək: “Bu, ARDNŞ-ın Gürcüstandakı fəaliyyətinin yeni istiqaməti olacaq”.