Bank Of Baku

Musa Pənahov: «Son 8 ildə Azərbaycanda 6,5 min km avtomobil yolları və 170-dən artıq körpü və tunel istifadəyə verilib»

Musa Pənahov: «Son 8 ildə Azərbaycanda 6,5 min km avtomobil yolları və 170-dən artıq körpü və tunel istifadəyə verilib»
# 03 dekabr 2012 09:20 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxış edən Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

 

Onun sözlərinə görə, son 8 il ərzində Azərbaycanda 2,5 min km respublika əhəmiyyətli, 4 min km yerli əhəmiyyətli avtomobil yolları, eyni zamanda 170-dən artıq körpü, tunel və yol bağlantıları istifadəyə verilib: «Son illər ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımalar dinamik inkişaf edir və daşımaların 80%-i avtomobil nəqliyyatının payına düşür. Bu səbəbdən yeni yolların salınmasına ehtiyac var. Son 10 il ərzində Azərbaycanda yük daşımalarının orta illik artımı 3,8%, tranzit daşımaların orta illik artımı 6,6%, sərnişin daşımalarının orta illik artımı isə 6,1% təşkil edib. Hazırda nəqliyyat sektorunun ÜDM-də payı 5,6%-ə çatıb».


Nəqliyyat sektoruna son illər ərzində daxili və xarici investisiyaların artdığını deyən nazir müavini onu da bildirib ki, ölkədə dəmir yolunun inkişafına da böyük diqqət yetirilir, dəmir yollarının yenidən qurulması və təmiri ilə bağlı işlər həyata keçirilir: «Ölkədə qərb istiqamətində dəmir yolunun təmirindən sonra qatarların sürəti 140 km/saata çatacaq, yükdaşımaların həcmi isə 30% artacaq».


M.Pənahov nəqliyyatın digər sahələrinə toxunaraq onu da bildirib ki, son illər ərzində Azərbaycan 11 tanker və 2 bərə alıb, Ələtdə inşa olunan beynəlxalq dəniz ticarət limanının tikintisini davam etdirib: «Yeni limanda müasir logistika mərkəzləri yaradılacaq, ilkin olaraq limanın yükötürmə qabiliyyəti 10 mln. ton, daha sonra isə 25 mln. ton təşkil edəcək».


Ölkənin hava nəqliyyatının inkişafından danışan M.Pənahov həmçinin bildirib ki, hazırda Azərbaycanda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir: «Son illər ərzində Azərbaycanın hava nəqliyyatı sahəsi inkişaf etdirilib, 19 yeni təyyarə alınıb, hazırda Bakı aeroportunda yeni müasir terminal inşa olunur».


Sonda nazir müavini ümumi nəqliyyat sektorunun prioritetlərindən söz açıb və qeyd edib ki, ölkədə əhalinin nəqliyyata olan tələbatının yüksək səviyyədə ödənilməsi, tranzit yükdaşımanın inkişaf etdirilməsi üçün avtomobil və dəmir yollarının tikintisi və təmir işlərinin sürətləndirilməsi, sərhəd-keçid məntəqələrində proseduraların sadələşdirilməsi, nəqliyyat sahəsində rəqabət qabiliyyətliliyin artırılması, təhlükəsizliyin təmin olunması, peşəkar kadrların hazırlanması, logistika mərkəzlərinin yaradılması prioritet tədbirlərdəndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR