Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Oğuz rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verilən tapşırıqlar və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə nazirliyin, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub.
S. Məmmədov qeyd edib ki, bu ilin birinci rübü ərzində 29 min yeni iş yerinin və 3 minə yaxın yeni müəssisənin yaradılıb. 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktorunun müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.