Bank Of Baku

Nəqliyyat Nazirliyi Avropa Olimpiya Oyunları ilə əlaqədar Bakıda görüləcək işləri açıqlayıb

Nəqliyyat Nazirliyi Avropa Olimpiya Oyunları ilə əlaqədar Bakıda görüləcək işləri açıqlayıb
# 06 mart 2013 14:16 (UTC +04:00)

 

«APA-Economics»in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov YAP-ın rəsmi veb-saytına müsahibəsində bildirib.

 

Nazir qeyd edib ki, ilkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.


Z.Məmmədov bildirib ki, proqnozlara görə, qonaqların əksəriyyətinin, yəni təqribən 90%-nin Heydər Əliyev Hava Limanı vasitəsi ilə gəliş və gedişi nəzərdə tutulur.

 

Oyunlara qatılacaq rəsmi heyətlərə ayrıca nəqliyyat vasitələri ayrılacaq, bu şəxslərin, həmçinin idmançılar və onları müşayiət edənlərin Olimpiya şəhərciyindən Olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turist gəzintilərinə daşınması həyata keçiriləcək.

 
Nazirin sözlərinə görə, olimpiya oyunları ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair Tədbirlər Planının layihəsi hazırlanır. Bura olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası,  şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması və əsas magistral yolların tikintisinin yekunlaşdırılması daxildir.

 

Nazir bildirib ki, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir. Hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşdırılacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq. Həmçinin, Buzovna-Mərdəkan-Qala və Qala-Zığ şosesinin bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşdırılacaqdır. «Şəfa» stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək. Sadalanan bu yollar Olimpiya Oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa, şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaq.

 
Eyni zamanda, respublika və yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir. Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında Olimpiya Oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunması və əlaqələndirilməsini təmin edəcək Qərargahın yaradılması nəzərdə tutulur.

 

Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı Dəmir Yolu Vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaq. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron ödəmə sisteminə keçid təmin ediləcək. Paralel olaraq mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək. Nazir bildirib ki, Bakı şəhərində əlavə olaraq 1 200 ədəd yeni avtobusa və 2 000 ədəd taksiyə ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR