Ədliyyə Nazirliyi Penitensiar Xidməti elektrik enerjisinin verilişində yaranan problemə görə cəzaçəkmə müəssisələrindəki vəziyyətə aydınlıq gətirib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında deyib ki, artıq cəzaçəkmə müəssisələrinin hamısında elektrik enerjisinin təminatı bərpa olunub. Onun sözlərinə görə, enerji fasiləsi yaranan zamanda da ehtiyat dizel mühərriiklərinin köməkliyi ilə müəssisələrin hamısına elektrik enerjisi verilib.
Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.