Bakı. Aynur Əliyeva – APA-Economics. “Qazax Sement Zavodu” MMC müştərilərə müasir standartların tələblərinə tam cavab verən yeni innovativ məhsul - sulfatadavamlı sement məhsulunu (PPS 400 markalı) təqdim edir.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müştərilərin tələb və istəklərini daim diqqət mərkəzində saxlayan “Qazax Sement Zavodu” MMC respublikadakı irimiqyaslı layihələrdə duzluluq tərkibi yüksək olan ərazilərdə istismar olunan beton konstruksiyaların davamlılığını təmin etmək məqsədilə son aylarda sulfatadavamlı sementin istehsalı üzrə araşdırma və sınaqlar aparıb. Həmin sınaqlar uğurla yekunlaşıb və 2014-cü ilin may ayında “SulfaSem” adı ilə yeni sulfatadavamlı (PPS 400 markalı) sementin istehsalına başlanılıb. Zavod kimyəvi mühitdə istismar olunan və təbii suların daimi təsirinə məruz qalan beton konstruksiyaların B20-B35 (M250-M450), həmçinin beton bünövrə və yeraltı qurğuların uzunömürlü və möhkəm olması üçün “SulfaSem” sementinin istifadəsini tövsiyə edir. Bu sementlə inşa olunan beton konstruksiyalar və tikililər müxtəlif duzların dağıdıcı təsirinə qarşı daha müqavimətli olur və bununla da konstruksiyanın uzunömürlülüyü təmin edilir. Sulfatadavamlı sement həmçinin su hovuzları, quyu və kanalizasiyaların beton işlərində istifadə olunması tövsiyyə edilir. Bu sement yalnız qalaq şəklində istehsal olunur.
Zavodunda istehsal edilən PPS 400 markalı Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılıb və uyğunluq Sertifikatı ilə təmin edilib. Zavod bu məhsul üçün tövsiyə olunan istifadə sahələri və istifadə texnologiyası barədə müştərilərin maarifləndirilməsi işlərini davam etdirir.