Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda nəqliyyat sahəsində yükdaşımanın həcmi 210,6 mln. ton təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 3,5% çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində qeyri-neft yüklərinin həcmi 7,5% artıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56,1%-i avtomobil, 27,1%-i boru kəməri, 10,9%-i dəmir yolu, 5,9%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.
«Son 5 ildə bütün nəqliyyat növləri ilə yük daşınması orta hesabla hər il 4,7%, o cümlədən avtomobil nəqliyyatında 7,7%, neft kəmərləri isə 1,6% çoxalıb», - deyə Komitədən bildirilib.
Ötən il qeyri-dövlət bölməsində yük daşınması 3,9% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,1% təşkil edib.
İl ərzində nəqliyyatçılar 1,6 mlrd. nəfərə və ya 2011-ci illə müqayisədə 8,4% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,6%-i avtomobil, 12,1%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.