Xəzər İnşaat Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
“APA-Economics” xəbər verir ki, tədbirdə Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin mətbuat katibi Leyla Sarabin, Azercell-in Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya, Xəzər İnşaat Həftəsinin layihə rəhbəri Rəşad Qədimov iştirak edib.
Xəzər İnşaat Həftəsi ilə 19-21 oktyabr tarixlərində payız sərgi mövsümünə start veriləcək. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil ediləcək. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaqdır. Beləliklə, ənənəvi sərgi məkanı olan Bakı Ekspo Mərkəzi 4 mühüm tədbirə eyni zamanda ev sahibliyi edəcək.
İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyədən ümumilikdə 370-dən çox şirkət yer alacaq. Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.
Sərgilər İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri tərəfindən dəstəklənir.
“Rebuild Karabakh” sərgisinin baş sponsoru “Azercell” şirkətidir. “BakuBuild” sərgisi üzrə qeydiyyat sponsoru qismində NB Group (Corella brendi) çıxış edir.
Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir.