Bakıda polis rəisinin müavinini və onun oğlunu güllələyən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Bakıda polis rəisinin müavinini və onun oğlunu güllələyən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 23 mart 2015 13:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində polis rəisinin müavinini və onun oğlunu güllələyən Gülağa Lətifovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası martın 30-na təyin edilib.

Xatırladaq ki, ötən il fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.

Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Lətifov ömürlük olaraq azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR