Azərbaycan şəhərsalma, ətraf mühit və iqlim fəaliyyəti ilə bağlı ən mühüm qlobal müzakirələrin kəsişməsində dayanır.
APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirə göndərdiyi videomesajda deyib.
O bildirib ki, Bakı COP29, Ümumdünya Şəhərsalma Forumu, Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi edib və yaxın zamanda isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi İqlim Həftəsini qəbul edəcək:
“Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Bakı Davamlılıq Koalisiyası COP-ların keçmiş, hazırkı və gələcək sədr ölkələrini bir araya gətirərək şəhərsalma və iqlim gündəliklərini birləşdirən, həmçinin Paris Sazişi ilə Yeni Şəhər Gündəliyi arasında uyğunluğu gücləndirən inteqrasiya olunmuş yanaşmanın təşviqi üçün mühüm platforma yaratdı. Bu, Azərbaycan hökumətinin qlobal gündəliklərin əlaqələndirilməsinə nə qədər ciddi yanaşdığını nümayiş etdirir. Ümumdünya Şəhərsalma Forumunun Bakı Fəaliyyətə Çağırışı bizə xatırladır ki, şəhərlərimiz həyatı təmin edən təbii sistemlərlə harmoniya içində inkişaf etməlidir. Eyni zamanda, Ümumdünya Ətraf Mühit Gününün mövzusu – “Təbiətdən ilham alaraq iqlim və gələcəyimiz üçün fəaliyyət” – bu yanaşmanı daha da gücləndirir. Bakı Fəaliyyətə Çağırışı mənzilin dayanıqlı şəhər inkişafının təməl daşı olduğunu vurğulayır”.