Azərbaycana qaz nəqli xahişi ilə Ukrayna və Aİ müraciət edib, bu əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib – TƏHLİL

Azərbaycana qaz nəqli xahişi ilə Ukrayna və Aİ müraciət edib, bu əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib – TƏHLİL
# 15 iyun 2024 22:32 (UTC +04:00)

Azərbaycan bütün sahələrdə olduğu kimi, energetika sahəsində də etibarlı tərəfdaş imici qazanıb. Ölkəmiz istər qonşu ölkələrə, istərsə də uzaq xaricə neft-qaz ixrac edir, imzalanmış müqavilələrə bütün parametrlərdə sadiqlik nümayiş etdirir. Ölkəmizin enerji ehtiyatlarına maraq göstərən, aktiv tərəfdaşlıq etmək istəyən tərəflərdən biri də Avropa İttifaqıdır.

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra isə Avropa İttifaqının Azərbaycan qazına olan marağı və ehtiyacı daha artıb. Enerji daşıyıcılarının nəqlini diversifikasiya etməyi qarşısına məqsəd qoyan rəsmi Brüssel Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmaqda davam edir.

Qərb mediası Avropa İttifaqının Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini müzakirə etdiyi barədə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Avropa rəsmiləri Azərbaycana Ukrayna ərazisindən keçən və hazırda Rusiya qazı nəql edilən kəmərlə qaz nəqli həyata keçirməsi üçün sxem də təqdim edib.

Məlumata görə, təklif Kiyevlə Rusiya arasında qaz tranzitinə dair razılaşma ilin sonunda bitdikdən sonra Avropaya təbii qaz nəqlinin saxlanılması variantı kimi nəzərdə tutulub.

Məlumatda Ukrayna tərəfinin də bu məsələyə isti baxdığını, bu mövzuda danışıqların davam etdiyini qeyd olunub.

Xüsusi vurğulamaq lazımdır ki, təklif ilk növbədə Avropa İttifaqı və Ukrayna tərəfdən səsləndirilib və rəsmi Bakının diqqətinə çatdırılıb. Çünki məsələdə əsas maraqlı tərəflər məhz rəsmi Brüssel və rəsmi Kiyevdir. Azərbaycan isə etibarlı tərəfdaş və Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi məsələyə müvafiq reaksiya verir.

Aİ rəsmilərinin, yüksək çinli diplomatlarının açıqlamaları da təsdiq edir ki, məhz Ukrayna və Avropa İttifaqı bu layihənin həyata keçməsini Azərbaycandan xahiş ediblər. Yəni, bu layihə məhz Ukraynanın özünə və Avropa İttifaqına lazımdır.

Azərbaycan da tərəflərin xahişi əsasında bu addımı atır. Rəsmi Bakı isə Avropada, yaxud hər hansı digər regionda enerji böhranını yaranmamasına çalışır və yardım xahişi olduğu halda buna öz imkanları çərçivəsində dəstək verir. Bu mövzuda Azərbaycanın xoşniyyəti ilə bağlı hər hansı KİV yaxud diplomatik çevrələrdə manipulyasiyalar yolverilməzdir.

Aydındır ki, mövcud kəmərlə qaz nəqlinin dayanması ilə Avropada ciddi enerji böhranı yaşana, Slovakiya, Avstriya kimi ölkələr qazsız qala bilər. Digər yandan, Rusiya qazının nəqli dayandığı halda Ukraynanın tranzitə hesablanan qaz şəbəkəsi də dağıla bilər. Bu baxımdan rəsmi Bakının Aİ-yə qaz nəqlini artırması kommersiya razılaşması ilə yanaşı, müəyyən humanitar çalarları da özündə əks etdirir.

Nəzərə alanda ki, Azərbaycan Ukrayna münaqişəsindən xeyli əvvəl Aİ ilə enerji sahəsində əməkdaşlı edirdi, bu mövzuda spekulyasiyaların əsassız olduğu tam aydın olacaq. Belə ki, hələ 2021-ci ildə Azərbaycan Aİ ölkələrinə 8 mlrd. kubmetrdən çox qaz nəql etmişdi. Azərbaycan Trans Adriatik qaz boru xətti (TAP) vasitəsilə İtaliyaya, Balkan ölkələrinə qaz nəql edir. Hazırda Azərbaycandan İtaliya, Yunanıstan, Macarıstan, Rumıniya, Bolqarıstan kimi Aİ ölkələrinə, Serbiya, Albaniya, Şimali Makedoniya kimi Avropa dövlətlərinə qaz nəql olunur. Yaxınlarda Azərbaycandan qaz alan Aİ ölkələrinin, partnyor dövlətlərin sayının artması gözlənilir. 2024-cü il üçün isə ölkəmizin Aİ-yə qaz ixracının həcminin 12 mlrd. kubmetr, 2027-ci ildə 20 mlrd. kubmetrə çatması gözlənilir.

Aİ ölkələri də Azərbaycanın etibarlı qaz idxalçısı, güvəniləcək tərəfdaş olmasını anladığı üçün rəsmi Bakıdan enerji daşıyıcılarını əldə etməkdə maraqlıdır. Bunu Aİ ilə yanaşı, ABŞ da anlayır. ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda bu mesaj açıq şəkildə səslənir.

“Azərbaycan qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır”, - deyə ABŞ Prezidenti məktubunda vurğulayır.

Bu sitat Qərb dünyasının Azərbaycanın müstəqillik əldə etdikdən sonra qurduğu enerji siyasətinin, etibarlı tərəfdaş imicini formalaşdırmasının etirafıdır.
Azərbaycan üçün isə bu, kommersiya və müəyyən dərəcədə humanitar motivli addımdır. Ölkəmiz Avropanın enerji bazarında heç kəslə rəqabət aparmır və hər hansı ölkənin bu bazardan sıxışdırılıb çıxarılmasından maraqlı deyil. Bir sözlə, Azərbaycan ona edilən təklifə öz maraqlarına uyğun reaksiya verir. Bu kommersiya prosesinin arxasında fərqli məna axtaranlar, yaxud dezinformasiyalar yayan dairələr isə öz təxribatçı məqsədlərinə heç bir halda nail ola bilməyəcək. Çünki Azərbaycan tam şəffaf və açıq enerji siyasəti yürüdür və bu siyasət üçüncü tərəflərə qarşı yönəlməyib.
APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR