Azərbaycan qaz təchizatı həcmlərini və əhatə dairəsini hər il artıraraq, Avropanın enerji təhlükəsizliyinə sözlə yox, əməlləri ilə töhfə verir.
Bunu "APA-Economics"ə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2007-ci ildə qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib və 2020-ci ilin sonunadək iki ölkənin – Türkiyə və Gürcüstanın davamlı və dayanıqlı qaz təchizatçısı qismində çıxış edib. Bununla yanaşı, qeyd olunan müddətdə təqribən dörd il ərzində ölkəmiz Rusiyaya da qaz təchiz edib, lakin bu fasiləli və situativ (qaza ehtiyac yarandıqda - red.) xarakter daşıyıb.
İlham Şaban bildirib ki, 2021-2024-cü illər ərzində Azərbaycan daha 8 ölkəyə (Avropa ölkələri – red.) qaz ixrac etməyə və onlarla kommersiya müqavilələri əsasında qaz satışına nail olub.
“Nə 70-ci, nə də 80-ci illər ərzində Rusiya və ya başqa bir ölkə belə templərlə qaz ixracı coğrafiyasını genişləndirə bilməyib. Bu baxımdan, həqiqətən də, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə, əsasən də, 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra, verdiyi töhvələrlə başqa ölkələrə örnək ola bilər”, - ekspert vurğulayıb.
Azərbaycanın Avropaya 2021-ci ildə 8 mlrd. 150 mln. kubmetr qaz ixrac etdiyini xatırladan İlham Şaban qeyd edib ki, Prezident İlham Əliyevin sözlərinə görə, 2027-ci ilə qədər bu həcmləri iki dəfə artırmaq qarşıya məqsəd qoyulub və buna nail olmaq yolunda inamla addımlayırıq.
Ekspert onu da əlavə edib ki, 2022-ci ildə Azərbaycandan Avropaya 11,3 mlrd. kubmetr, 2023-cü ildə 11,8 mlrd. kubmetr qaz satılıb, 2024-cü ildə bu göstəricinin 12 mlrd. kubmetrə çatdırılması planlaşdırılıb. Öz növbəsində, 2025-2027-ci illərdə (üç ildə - red.) ölkəmiz Avropa bazarına qaz ixracını daha 4 mlrd. kubmetr artırmaq imkanlarını ortaya qoyur.
“Çernobbio forumunda Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, artıq Azərbaycan qazının alıcısı ölkələrinin sayını 10-a çatdırmışıq və daha üç ölkə ilə danışıqlarımız gedir ki, onlar Azərbaycan qazının alıcıları sırasına daxil olsunlar”, - İlham Şaban xatırladıb.
O, əlavə edib ki, hökümətlər səviyyəsində Azərbaycanla qaz almaq istəyini nəzərdə tutan niyyət sənədləri imzalayan ölkələr sırasında – Albaniya, Slovakiya və Monteneqro kimi ölkələr var. Bununla yanaşı, Bosniya və Herseqovinada Azərbaycan qazını almaq niyyətini ifadə edib.
“Biz davamlı olaraq 2020-ci ilin sonuncu günündən başlayaraq öz qaz ixracımızı Avropa bazarına ilbəil artırırıq. Yəni, onun (ixracın – red.) həm həcmlərini, həm də coğrafiyasını genişləndiririk və bununla da Avropanın enerji təhlükəsizliyinə sözlə yox, əməlimizlə töhvə verdiyimizi ortaya qoyuruq”, - İlham Şaban vurğulayıb.
Onun sözlərinə görə, 2016-cı ildə qazın alqı-satqı müqavilələri imzalananda qeyd olunurdu ki, İtaliyanın qaz bazarının tələbatının təqribən 8%-i Azərbaycandan tədarük olunan məhsul hesabına təmin olunacaq. Lakin cari ilin birinci yarısında artıq İtaliya bazarının tələbatının 16,6%-i Azərbaycan qazı hesabına ödənilib. Yunanıstanda bu göstərici 22-23%-ə, Bolqarıstanda isə ayrı-ayrı aylarda 50%-ə çatıb.
“Ümumiyyətlə isə, Rusiya qazından tam və ya əhəmiyyətli dərəcədə asılı olan bir sıra Avropa ölkələri Azərbaycan hesabına öz qaz təchizatının 35%-ni təmin edib, bununla da öz enerji təhlükəsizliyini şaxələndirib və dayanıqlı şəkildə təmin edə bilib”, - deyərək ilham Şaban yekunlaşdırıb.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya və Xorvatiyaya ixrac olunur.