“Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti əməkdaşlığı genişləndirəcək

“Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti əməkdaşlığı genişləndirəcək
# 02 dekabr 2016 08:31 (UTC +04:00)

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpulerlə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında məlumat verib.

Tədbirdə gələcəkdə Bakı-Tiflis-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün “Stadler” şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun icra vəziyyəti müzakirə olunub. Həmin vaqonlar standart, komfort, biznes və restoran olmaqla, dörd kateqoriyada istehsal olunur. İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti P. Şpuler “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan və əlaqələrin genişlənməsindən məmnun qaldıqlarını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group” şirkətindən “Minsk Stadler” zavodunda istehsal olunan KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarı alınıb. Həmin qatarlar indi Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR