“Vahid Rusiya”nın nümayəndəsi: “Ümid edirəm ki, Azərbaycan və Rusiya inkişaf yolunda birlikdə irəliləyəcəklər”

“Vahid Rusiya”nın nümayəndəsi: “Ümid edirəm ki, Azərbaycan və Rusiya inkişaf yolunda birlikdə irəliləyəcəklər”
# 07 fevral 2018 13:27 (UTC +04:00)

”Rusiya Dövlət Dumasında Azərbaycan sərgisinin keçirilməsi olduqca simvolik xarakter daşıyır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Kommunist Partiyasının sədri və partiyanın parlament fraksiyasının rəhbəri Gennadi Züqanov Dövlət Dumasının binasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin rəsmi açılışı mərasimində çıxışında bildirib. “Böyük Stalinqrad döyüşünün 75-ci ildönümü ərəfəsində Dumada bu tədbirin keçirilməsi olduqca simvolik xarakter daşıyır. Azərbaycan nefti bizim bu müharibədə qələbəmizdə böyük rol oynayıb. Biz bunu unutmuruq. Rusiya hər zaman Azərbaycanla mehriban və səmimi münasibətdə olub. Biz elə etməliyik ki, bu münasibətlər daha da möhkəmlənsin”, - deyə Rusiya kommunistlərinin lideri vurğulayıb.

“Ədalətli Rusiya” Partiyasının rəhbəri və parlament fraksiyasının lideri Sergey Mironov çıxışında bu sərginin təkcə mədəni deyil, həm də vacib siyasi hadisə olduğunu söyləyib: “Sərgidə nümayiş olunanlar göstərir ki, xalqlarımız arasında olan münasibətlərin çoxəsrlik tarixi mövcuddur”.

S. Mironov Azərbaycanla bağlı xatirələrini də danışıb. O, hərbi xidmətini 1,5 il Azərbaycanın Gəncə şəhərində keçirdiyini nəzərə çatdırıb: “Daha sonra mən Federasiya Şurasının sədri olan zaman Azərbaycana səfər etdim. Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, mənim səfərimi Moskvadan Bakıya deyil, birbaşa Gəncəyə təşkil etdilər. Təyyarəm birbaşa Moskvadan Gəncəyə uçdu. Qulluq etdiyim hərbi hissədə oldum”.

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski çıxışında iki ölkə arasında parlamentlər səviyyəsində olan əlaqələrdən danışıb: “İki ölkə parlamentarları beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər və bundan sonra da edəcəklər”.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda görülən işlərdən bəhs edən rusiyalı parlamentari Azərbaycanın MDB-nin ən çiçəklənən ölkəsinə çevrildiyini söyləyib: “Bakı dünyanın humanitar paytaxtlarından birinə çevrilib. Buradan bütün azərbaycanlı həmkarlarımı əmin etmək istəyirəm ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var”.

Azərbaycan Milli Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov çıxışında Dövlət Dumasındakı bu əlamətdar hadisə ilə əlaqədar iştirakçıları təbrik edib. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan azərbaycanlı parlamentar Rusiya və Azərbaycanın beynəlxalq arenada bir mövqedən çıxış etdiyini söyləyib: “Bu gün Azərbaycanda rus dilinin tədrisi yüksək səviyyədədir. Çünki bu, bizim ortaq tariximiz və dəyərimizdir. Sərgi də göstərir ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq çox vacibdir”.

Rusiyanın hakim partiyası – “Vahid Rusiya”nın parlament fraksiyasının rəhbəri Vyaçeslav Nikonov Rusiya və Azərbaycanın birgə inkişaf etdiyini, I və II dünya müharibələrində birgə qan tökdüyünü söyləyib: “Bu gün Azərbaycan və Rusiya MDB çərçivəsində strateji tərəfdaşdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Bakıda çox olmuşam. Müasir Bakı tamam başqa şəhərdir. Bakı və ümumilikdə Azərbaycan çox dinamik inkişaf edir. Ümid edirəm ki, Azərbaycan və Rusiya bu inkişaf yolunda birlikdə irəliləyəcəklər. Dumanın ən böyük fraksiyasının rəhbəri kimi Azərbaycana dostluq, əməkdaşlıq əlimizi uzatmağa həmişə şadıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR